Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Masallı şəhəri
Masallı rayonu Bakıdan cənuba - Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur. XVIII əsrin ortalarından etibarən Masallı Talış xanlığının tərkibinə daxil olmuşdur. Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur. Relyefinə görə bu rayonu şərti olaraq, dağlıq və düzənlik hissələrə bölmək olar. Dağlıq hissə Talış dağlarına, düzənlik hissə isəLənkəran ovalığına yaxın ərazini əhatə edir. Buranın iqlimi subtropikdir. Viləş, Tatyan, Alvadıçay, Matara və başqa çyalar bu rayonun ərazisindən axaraq Xəzər dənizinə tökülür. Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd və başaq qiymətli ağac növləri qorunub saxlanılır. Masallı rayonlararası Ovçuluq Cəmiyyətindən müvafiq razılıq almaqla Qırmızıkənd ovçuluq təsərrüfatında meşə heyvanlarını və quşlarını, «Qızılağac» qoruğuna yaxın ərazidə isə su quşlarını, tülkü, qaban, porsuq, canavar və başqa heyvanları ovlamaq olar. Rayonda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədir. Yay vaxtı buraya gələnlər xüsusilə çox olur. Onların arasında sadəcə olaraq təbiətin gözəlliklərndən zövq almaq üçün buraya üz tutanlar da olur, revmatizm xəstəliyindən əziyyət çəkdiklərinə görə müalicə üçün gələnlər də. Qaynar sulu kiçik şəlalə və asma körpü buranın gözəl mənzərəsinin doğurduğu təəssüratı daha da zənginləşdirir. Rayonun inzibati mərkəzi Masallı şəhəridir. Bu şəhərin adı bir vaxtlar orada yaşamış masal qəbiləsinin adı ilə bağlıdır. Tarix - memarlıq abidələrindən salamat qalanlara misal olaraq, XIX əsrdə tikilmiş hamam və məscidi, Ərkivan qülləsini , Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini göstərmək olar. Masallı - Lənkəran yolu boyunca Qızılağac qoruğu yerləşir. Şəhərdəki tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına tamaşa etmək, ənənəvi xalq sənəti məmulatları ilə tanış olmaq turistlər üçün maraqlı olar. Musaküçə kəndində toxunan həsirlər, Tükoba kəndində hazırlanan baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məhsulları, dağ kəndlərində xalçalar, corablar, əlcəklər, Qəriblər, Kolatan və Sığdaş kəndlərində isə milli naxışlarla bəzədilmiş ağac məmulatları bu qəbildəndir. Masallı şəhərinin kənarında sıx meşənin içində kiçik bir göl var. Bura yerli sakinlərin və qonaqların çox xoşladığı istirahət yeridir. Maraqlı səyahətlərdən sonra Azərbaycan mətbəxinin dadlı, adamı iştaha gətirən fincan, ləvəngi və başqa nemətlərini dadmaq yerinə düşər. Harada qalmaq olar «Masallı» mehmanxanası Tel. 5 23 31, (50) 322 02 88, «Dastvənd» Tel. 5 51 31, (50) 311 36 08, 371 03 45 və «Rasim» otelləri, «Turkan» Tel. (50) 313 13 42 və «İsti Su» istirahət zonaları (Viləşçayın sahilində) yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir. Harada nahar etmək olar Rayonda yaxşı iaşə xidməti göstərən restoranlar «Turac», «Moskva», «Dəniz», «Dastvənd» Tel. 5 51 31, «Türkan» (50) 333 13 42, «Dəmirağac» (50) 328 65 18 qonaqları gözləyir.