UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Әmirov Fikrət

 

Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. Fikrət ailənin ikinci övladı idi. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, “Məni bəstəkar edən Azərbaycan tarıdır.”

Əlavə edir ki, “Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir.”

1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olur. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi. Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayırlar.

Fikrət Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı Olimpiadalarına qatılmağa başladı. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov, burada Məşədi Cəmil Əmirovun övladlarının istedadı ilə tanış olur. Yaxşı xanım Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiada da qardaşı ilə birincilər sırasına yazılır. Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub. Lakin, Fikrət ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəldilər. Fikrət burada konservatoriyaya daxil oldu. Tələbəlik dövrlərində də onlar ifaları ilə konsertlərə gedərək çıxışlar edirdilər.

Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov Azərbaycan musiqisinə xüsusi töhfələr vermiş və oğlunun sənətə gəlməsində böyük rol oynamışdır.

Fikrət musiqi məhəbbətini dostları ilə bölüşürdü. O, Zərif Qayıbovla 11-ci sinifdə oxuyarkən məktəbdə orkestr təşkil edirlər. Fikrət Əmirov oxuduğu Maksim Qorki adına məktəbdə müəllim və şagird heyəti tərəfindən sevilirdi. O məktəbdə əla qiymətlərlə təhsil alır, məktəbdə tarda uğurlar qazanır, bir çox dram dərnəklərində iştirak edirdi. Qazandığı uğurlar və istedadı ilə Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gətirilir.

Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçməsi barədə çox düşünür. Lakin anası Dürdanə xanımın məsləhəti ilə konservatoriyaya gedir. Çünki, bir il əvvəl Dürdanə xanım Bakıya gedərkən Bülbüllə qarşılaşmış, Bülbül ona Fikrətin konservatoriyada oxumasını məsləhət görmüşdü. Bunu bəstəkar öz xatirələrində yazır ki, “Mənim yaradıcılığım həyatım daha çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır - 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə düzəldim.” Gənc Fikrət Bakıya Bülbülün yanına gəlir və Bülbül onu Üzeyir Hacıbəyovun yanına aparır. Üzeyir bəy Fikrəti mehribanlıqla qarşılayaraq onun istedadını yoxlayır və ona konservatoriyaya daxil olmasını məsləhət görür. Beləliklə, Əmirovun Üzeyir Hacıbəyov və Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.

Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsində bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayır: “Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayasını dəyişdərməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı.”

O, Üzeyir Hacıbəyovun sinfində “Azərbaycan xalq musiqisinin əsasları” fənnini öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada “Xalq musiqisi kabineti” təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər. Dövrünün ustad xanəndələrini - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.

1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, həmçinin simfonik orkestrin məşqlərində də iştirak edirdi. Bəstəkar xatirələrində Nikolay Pavloviç Anasov ilə görüşünü belə xatırlayır: “1939-40-cı illər idi. Bir dəfə N.P.Anasov məni konservatoriyada görüb saxladı: "Cavan oğlan gəl tanış olaq." Əvvəlcə mən özümü itirdim və çox həyəcanlandım. Çünki mən bəstəkarlığa yenicə başlamış həvəskar, N.P.Anasov isə məşhur dirijor. Amma, sən demə, bu diqqətli dirijor məni öz məşqlərində görübmüş. Bunu o özü etiraf edərək dedi: Mən sizi tez-tez orkestr məşqlərində görürəm. Bu gündən etibarən isə siz həmişə mənim orkestr məşqlərimə və konsertlərimə gələ bilərsiz. Mən sizi dəvət edirəm." Bu sözləri eşidəndə mən çox sevindim, çünki bu mənim böyük sənətkarla ilk işim idi.”

Həmin gündən etibarən N.P.Anasov ilə başlayan dostluğu sonralar Fikrət Əmirov onun oğlu Gennadi Rojdestvenski ilə davam etdirir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur. Bəstəkarın yaradıcılığının ilk dövrlərində xalq və musiqi janrlarına diqqət kəsilməsi, onları mənimsəməsi bu janrda əsas mənbəyidir.

Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli idi. Tələbəlik dövründə, o Üzeyir bəydən musiqi barədə elmlər öyrənib. Bu barədə bəstəkarın xatirələri mövcuddur. Bəstəkarın formalaşmasında Boris Zeydmanın da böyük rolu olub. 1930-cu illərdə Üzeyir bəyin dəvəti ilə müxtəlif şəhərlərdən dərs deməyə gələn müəllimlərin içərisində Boris İshakoviç Zeydmanın xidmətləri böyükdür. O, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova və daha bir neçə bəstəkarların müəllimi olmuşdur ki, həmin bəstəkarlardan biri də Fikrət Əmirovdur.

İkinci Dünya Müharibəsində iştirakı

Fikrət Əmirov gənclik illərində

1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır.O, rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətində Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir.O vaxt bəstəkar anasına məktub yazır və məktubda bildirilir ki, “Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət.”

Fikrət Əmirovun cəbhə illəri onun həyat və yaradıcılığının əsas dövrü olub. O bacısını Yaxşı xanıma da məktublarında döyüş təəssüratlarını ətraflı şəkildə izah edir. Məktubda qeyd edilir ki, “Brjanska, Voronej cəbhəsinə gəldikdən sonra hissə rabitəçisi vəzifəsinə başladım. Qış günlərinin birində bizə məsul tapşırıq verildi. Cəbhə komandanlığı ilə əlaqə yaratmaq tapşırığı. Keçmiş yuxarı kurs yoldaşlarımla birlikdə hissə komandanlığının bizə həvalə etdiyi tapşırığı yerinə yetirməyə yollandıq. Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Xoşbəxtlikdən qarşımızda daş-qaya vardı. Biz onun arxasında düşməndən görünməmək üçün gizlənmişdik. Bir qədər sonra keçmiş dostlarımdan biri faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və mənim dostum yerə sərələndi, güllə onun başını yaralamışdı. Açıq havada soyuq qış günündə qaldığımızdan çox donmuşduq və yaralı yoldaşımızı çıxara bilmirdik. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq. Şaxtalı havada, açıq yerdə qaldığımız müddətdə bizim ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapıb, döyüş bölgəsindən çıxardılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər.”

Bəzi mənbələrdən məlum olur ki, həmin dövrlərdə, yəni hospitalda olarkən Fikrət Əmirov özü də ağır mədə yarasından xeyli əziyyət çəkərək, cərrahi əməliyyatına məruz qalır. Lakin sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl təşkil edir. Özü həm ansambla rəhbərlik edir, həm də rus xalq çalğı aləti olan mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu xidmətləri çox bəyənilir. Çünki o, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir. Bu da insanların mənəvi gücünü artıraraq onları daha da mübariz olmağa səsləyirdi.

Böyük Vətən Müharibəsinin ağır günlərini yaşayan Fikrət Əmirov 1942-ci il noyabr ayında xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur. O, əvvəlcə Gəncəyə gəlir və təxminən bir ilə qədər burada qalır, yaradıcılıq fəaliyyətinə davam edir. Belə ki, Gəncə Dövlət Filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında baş rejissor olan Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır. Lakin yarımçıq qalmış təhsili və yaradıcılıq eşqi onu 1943-cü ildə yenidən Bakıya qayıtmağa vadar edir. O, həm Konservatoriyada təhsilini davam etdirir, həm də yeni yaradıcılıq ideyalarını həyata keçirmək uğrunda çalışır.

Bəstəkarın 1943-cü ildə yazdığı “Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir. Fikrət Əmirov bu əsəri yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr etmişdir.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.


 

5.8 KB