UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Abbasov Əşrəf

Əşrəf Abbasov Azərbaycan musiqi tarixinə bəstəkar, musiqişünas və pedaqoq kimi daxil olmuşdur.

Əşrəf Cəlal oğlu 1920- ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası" mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957- 1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946) simfonik orkestr üçün "Konsertino"nun (1948) "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) , simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963) "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.

Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkara "AzərbaycaanınƏməkdar İncəsənət xadimi" fəxri adı verilmişdir. 1968-ci ildə isə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir.

Əşrəf Abbasov  1992-ci ildə Bakı şəhərində vəfat etmişdir