Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Quliyev Məmməd

Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək,Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına -Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri - I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir.

60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir.

Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir.

İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə «Simfonik musiqi bölməsi»nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur. Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.

Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş,Mirzə Fətəli Axundovun"Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı "Aldanmıç lduzlar"  operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış,Ələkbər Salahzadənin  sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca  ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.

Bəstəkarın həyat yoldaşı Cülyetta MirAslan qızı Quliyeva - filoloq, pedaqoq - Nəriman Nərimanovn həyat yoldaşı Gülsüm xanım Nərimanovanın qardaışı qızıdır.

Bəstəkarın yeganə övladı Mehdi Məmməd oğlu Quliyev - tanınmış həkim psixiatrdır.

Qeyd etməliyik ki, muğam sənətinin bilicisi olan M.Quliyev öz yaradıcılığında daim muğam ənənələrinə müraciət etmiş, onları müasir bəstəkarlıq texnikası ilə qovuşdurmağa çalışmışdır. Xüsusilə simfonik yaradıcılığında bu qovuşma özünü qabarıq büruzə verir. Bəstəkarın 3 saylı "Azərbaycan" simfoniyası qadın xanəndə, solistlər, xor və simfonik orkestr üçün yazılmışdır. 4 saylı simfoniya "Muğam" adlanır. Kamera orkestri üçün "Muğamsayağı" əsərini bəstələmişdir.

 


 

4.3 KB