Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Lüdviq Van Bethoven

Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır. Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur.

Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə, atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edərdilər. Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir.

Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır. Özünün üçüncü simfoniyası olan "Eroica"nı (italyanca "Qəhrəmanlıq") Napoleona həsr etmişdi. Sonralar Bethoven bu simfoniyanın adını dəyişərək "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo", yəni "Böyük insanların xatirəsinə ithaf olunan Qəhramanlıq Simfoniyasi" qoyur.

Doqquzuncu simfoniyanın dördüncü hissəsini Fridrix Şillerin "Şadlığa mədhiyyə" əsərinin süjeti üzərində yazmaqla bəşəriyyəti qardaşlıq uğrunda mübarizəyə çağıran himn yazır. Yaradıcılığının orta mərhələsi Bethovenin şiddətlənməkdə olan karlıq iztirablarından bir qədər sonrakı dövrdə başlayır. Bu dönəm qəhrəmanlıq və mübarizə haqqında böyük həcmli əsərlərlə xarakterizə olunur. Bu dövrə altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir. Eyni zamanda klassik cərəyanın nümayəndəsi olmaqla yanaşı, yaradıcılığının son dövrlərində romantik cərəyana xas olan “Uzaq sevgilimə” adlı vokal məcmuə də bəstələyir. Çox zaman L.V.Bethoveni həm klassik, həm də romantik bəstəkar adlandırırlar.


"Şotland mahnısı" Op.108 

İfa edir: Silviya Firqato və Lunaire Piano Trio

3.2 MB