Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Mirzəyev Musa

Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur.

Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovanı, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947-1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydmanı, xüsusilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952-1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayev olub.Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri - o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur.

Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur.

Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edir. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında “Simfonik alətləşdirmə” və “Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir.

Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərmişdir. 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Musa müəllim ittifaqın 2012-ci ilin dekabrında keçirilmiş IX qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. Bəstəkar həmçinin “Simfonik musiqi” bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai iş aparır. O, dəyərli məsləhətləri və zəngin təcrübəsi ilə həmişə həmkarlarına yaxından kömək göstərir.

Musa Mirzəyev 83-cü ad günündən 3 gün sonra, 29 yanvar 2016-cı ildə Bakıda insultdan vəfat etmişdir.


Əsərin adı

 

5.5 KB