Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Rübab

Mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. N.Gəncəvinin, İ. Nəsiminin, M. Füzulinin, S.Ə.Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir.

X əsrdə yaşamış görkəmli alim Əl Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. Orta Asiya xalqları arasında müxtəlif növləri "kaşqar rübabı", "tacik rübabı" adları ilə çox məşhurdur.

Nizami Gəncəvi incə və zərif rübabı nəğməkar quşların cəh-cəhi ilə müqayisə edir.

Şirvan musiqi məclislərinin bəzəyi olmuş rübab Xaqani Şirvaninin əsərində belə tərənnüm edilir:

Mey eşqinə düşmüş rübab,
Qolunda çox vardır tənab.
Çəkmiş bu yolda çox əzab
Quru qamış tək çox sanar.

XVII əsrdə çəng ilə rübabın birlikdə səsləndirilməsinə işarə edən Qivami Mütərzim yazır:

Gözlərində oynar gözəl və şərab,
Qulağında çalır çəng ilə rübab.

XVIII əsrdən başlayaraq rübab Azərbaycanda tədricən unudulmuş, dövrümüzə qədər gəlib çatmamışdır. Musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir. Rübab özünə məxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fıstıq, qol isə qoz ağacından hazırlanır.

Çanağın üzünə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük çəkilir və ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanır. Qolunda 18 pərdəsi olur. Ümumi uzunluğu 910 mm, çanağının eni 210 mm, hündürlüyü 80 mm-dir.

Diapazonu böyük oktavanın "si" səsindən ikinci oktavanın "mi" səsinə kimidir.


 

1.4 MB