Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Tar

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir.

Dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: "Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür".

"Tar" sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır.

Tarın adına Orta əsr klassiklərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində rast gəlmək olur.

N.Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir:

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...

Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində şeştar (6 simli) barədə məlumat verərək, onu geniş təsvir etmişdir.

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır. XIX əsrin II yarısında Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan; 1846-1902) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmiş, simlərinin sayı artırılaraq 5-dən 11-ə çatdırılmışdır. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır.

Sədəflə işlənmiş tar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub saxlanılır.

(XX əsrin əvvəlləri) Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə ki, 1931-ci ildə Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov tərəfindərı qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır. Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğar operalarında solo oxumaları tarın müşayiətilə aparılır.

Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar. Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

Simlər üç qrupa bölünür:

1. Ağ, sarı və kök simlər (hər biri bir olur).
2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
3. Zəng simlər (cingənə; iki cüt olur).

Tar sinədə üfqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrab vurma üsullarından, ştrixlərdən istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt-mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-mizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır.

Tar üçün notlar "do" sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir.

Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.


 

954 KB