UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Çoğur

Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir.

Ehtimal ki, çoğur "haqqı, allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir. Bu sözün dilimizdə işlənən "çalçağır" ifadəsindən törənməsini və sonralar "çoğur" kimi formalaşmasını da güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir. "...

Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türküvarsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Əli Rza Yalçının "Cənubda türkmən çağları" əsərində çoğurun 9 teli, 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır.

Çanağın üst hissəsi 4 mm qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs rezonansı üçün bir neçə oyuq açılır.

Səs düzümü kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası